Desabr atasının vəfat etdiyini mətbuat konfransında öyrəndi

Konqo DR millisinin baş məşqçisi Sebastyen Desabr DÇ-2026-nın 1/16 finalından sonra keçirilən mətbuat konfransı zamanı atasının vəfat etdiyini öyrənib.

Arena.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə yığmasına 1:2 hesabı ilə məğlub olaraq mundialla vidalaşan Konqo Demokratik Respublikası millisinin çalışdırıcısına acı xəbəri komandanın mətbuat katibi çatdırıb. Bundan dərhal sonra mətbuat konfransı yarımçıq dayandırılıb.

Qeyd edək ki, Sebastyen Desabr 2022-ci ildən Konqo Demokratik Respublikası millisini çalışdırır. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

Konqo DR millisi DÇ-2026-da uğurlu çıxışı ilə yadda qalıb. Afrika təmsilçisi qrup mərhələsində Portuqaliya ilə 1:1 hesablı heç-heçə edib, Kolumbiyaya 0:1 hesabı ilə uduzub, son turda isə Özbəkistan üzərində 3:1 hesablı əzmkar qələbə qazanaraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. 1/16 finalda İngiltərəyə qarşı da layiqli mübarizə aparmış Konqo DR erkən hesabı açsa da, sonda 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: