Deşam: “Fransa millisində çalışmaq möhtəşəm macəra idi”

Fransa millisinin baş məşqçisi vəzifəsindən ayrılan Didye Deşam yığmadakı fəaliyyətini karyerasının ən dəyərli dövrlərindən biri adlandırıb.

Arena.az xəbər verir ki, DÇ-2026-da üçüncü yer uğrunda oyunda İngiltərəyə 4:6 hesabı ilə məğlub olduqdan sonra komandası ilə vidalaşan 57 yaşlı mütəxəssis ilk hissədə buraxılan səhvlərə görə məsuliyyəti öz üzərinə götürüb:

“İlk hissəni dəhşətli keçirdik. Amma sonra yaxşı reaksiya verdik. Hesabı 4:4 etmək üçün iki real imkanımız oldu. Təəssüf ki, ilk hissədə lazım olanları etmədim və buna görə məsuliyyət mənim üzərimdədir. Bununla belə, müsbət məqamlar da var. Çox istedadlı və gələcəyi parlaq olan gənc futbolçularımız var. Bu komandanın böyük uğurlar qazanacaq potensialı mövcuddur. Amma əlbəttə ki, üçüncü yeri tuta bilməmək bizi məyus edir”.

Deşam Fransa millisində keçirdiyi illəri xüsusi hisslərlə xatırlayacağını bildirib:

“Bu, mənim üçün möhtəşəm bir macəra idi. Son bir neçə həftə çox gözəl keçdi. Biz insanlara emosiyalar yaşatmaq istəyirdik. Dünya çempionatından gözəl turnir yoxdur. Mənə təşəkkür edən çox insan var, mən də öz növbəmdə bir çox insana minnətdarlığımı bildirirəm. Çox peşəkar məşqçi heyətim olub. Futbolçuların seçimi, insani münasibətlər və hər zaman mümkün olan ən yüksək nəticəyə can atmaq əsas prinsiplərimiz idi. Mən Fransa millisinin daim zirvədə qalmasını istəyirdim. Bundan gözəl heç nə yoxdur”.

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub, həmçinin AÇ-2016 və DÇ-2022-nin gümüş mükafatlarını qazanıb.

Didye Deşam həm də futbol tarixində dünya çempionluğunu həm futbolçu, həm də baş məşqçi kimi qazanan cəmi üçüncü şəxs olub. Ondan əvvəl bu uğura yalnız braziliyalı Mario Zaqallo və almaniyalı Frans Bekkenbauer nail olmuşdular. Deşam 1998-ci il dünya çempionu və 2000-ci il Avropa çempionu olan Fransa millisinin kapitanı kimi də tarixə düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: