Devayn Renç “Roma”da – 5 milyon avroluq transfer

Futbol ürə Niderland millisinin və “Ayaks”ın sağ cinah müdafiəçisi Devayn Renç bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Canavarlar” bu transferi 5 milyon avroya rəsmiləşdiriblər. 22 yaşlı futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə bağlayıb. O, paytaxt klubunda 2 nömrəli formanı geyinəcək.

Devayn Renç “Ayaks”ın yetirməsidir. 2020-ci ildən bu klubun əsas komandasında çıxış edən müdafiəçi meydana çıxdığı 156 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Renç “Ayaks”la 2 dəfə Niderland çempionu (2020/2021, 2021/2022) olub, 1 dəfə Niderland Kubokunu (2020/2021) qazanıb.

Niderlandın U-15, U-16, U-17, U-18 və U-21 yığmalarında da oynamış Devayn 2021-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, Niderland milli komandasının heyətində meydana çıxdığı 2 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.