“İnter Mayami”nin həmsahibi Devid Bekhem “vağlar”ın argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messinin kiçik sirrini faş edib.
Arena.az “Barça Universal” dərgisinə istinadən məlumat verir ki, ötənlərin məşhur ulduzu Bekhem, ulduz futbolçunun karyerasını başa vurub təqadüə çıxmasından sonra harada yaşamağı nəzərdə tutduğu barədə “Leo” ilə söhbətləşdiyini bildirib:
“Mən Messinin təqaüdə çıxdıqdan sonra Mayamidə yaşamasını istərdim, amma “Leo” mənə dedi ki, o, yalnız “Kamp Nou” yaxınlığında yaşamağı düşünür. “Barselona”nı onun qədər sevən futbolçu yoxdur. Onun ayağında və hətta su şüşəsində “Barsa”nın loqosunu görə bilərsiniz”, deyə Devid Bekhem bildirib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


