Futbol üzrə Xorvatiya milli komandasının müdafiəçisi Deyan Lovren Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra Fransanın “Olimpik” (Lion) klubunun formasını geyinəcək.
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lion “Olimpik”i bu transferə görə Rusiya klubuna 2 milyon avro ödəyib. Təcrübəli futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Xorvat müdafiəçi 2025-ci ilin yayına kimi Fransa təmsilçisinin uğurları üçün çalışacaq.
Xatırladaq ki, Deyan Lovren daha öncə də Lion “Olimpik”ində forma geyinib. O, 2010-2013-cü illər aralığında çıxış etdiyi Fransa klubunda 102 oyuna 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Lovren 10 illik fasilədən sonra bu komandadakı statistikasını daha da zənginləşdirmək fürsəti qazanıb.
Lovren Zaqreb “Dinamo”sunun yetirməsidir. O, “İnter” (Zapreşiç), “Sauthempton”, “Liverpul” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Zenit”də çıxış edən müdafiəçi, Rusiya klubunda 63 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Deyan Xorvatiya milli komandasında da 78 oyuna çıxıb, 5 qola imza atıb. O, son olaraq millinin heyətində DÇ-2022-nin bürünc medallarını qazanıb. O, DÇ-2018-də də finala qədər yüksəlmiş Xorvatiya yığmasının heyətində yer almışdı.
Loran Blanın çalışdırdığı Lion “Olimpik”i bu mövsüm Liqa 1-də keçirdiyi 16 oyunda 24 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.


