Deyli Blind rəsmən La Liqa klubunda

Bu yay Almaniya çempionu “Bayern”dən azad agent kimi ayrılmış yarımmüdafiəçi Deyli Blind karyerasını İspaniyada davam etdirəcək.

Arena.az xəbər verir ki, Niderlanddan olan 33 yaşlı futbolçu La Liqa təmsilçisi “Jirona” ilə anlaşıb.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. Təcrübəli futbolçu yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, Deyli Blind “Bayern”ə bu ilin yanvarında azad agent kimi keçmiş və mövsümün sonuna qədər müqavilə imzalamışdı. Münhen klubu bu yay onunla müqaviləni yeniləməmək qərarına gəlmişdi. Holland futbolçu Almaniya nəhənginin heyətində cəmi 5 oyuna çıxıb. O, bu komanda ilə birgə Almaniya çempionluğunu bayram edib.

Blind daha öncə “Ayaks”, “Mançester Yunayted və “Qroningen” kimi klublarda da forma geyinib. O, Niderland yığmasında keçirdiyi 101 oyunda 3 qol müəllifi olub.

“Jirona”da yeni müqavilə və ayrılıqlar

“Jirona” ötən ilin yayında “Fulhem”dən icarəyə götürdüyü qapıçı Paulo Qassaniqa ilə də yeni müqavilə bağlayıb. İngiltərə klubundan ayrılan 31 yaşlı argentinalı ilə 2 illik müqavilə imzalanıb. O, ötən mövsüm “Jirona”da 28 oyuna çıxıb, 37 qol buraxıb, 4 oyundan “quru” çıxıb. Qassaniqa daha öncə “Sauthempton”, “Tottenhem”, “Rayo Valyekano”, “Gillingem”, “Elçe” kimi klublarda da oynayıb, Argentina yığmasında 1 oyun keçirib.

“Jirona” Yaponiyanın “Tokuşima” klubundan icarəyə götürdüyü Şinnosuke Katsuşimanın da transfer hüquqlarını alıb. 20 yaşlı yapon forvardla 3 illik müqavilə imzalanıb.

“Jirona” yarımmüdafiəçisi Aleş Qarsiya ilə də yeni müqavilə bağlayıb. 26 yaşlı dayaq yarımmüdafiəçisi ilə 3 illik sözləşmə imzalanıb. 2017-ci ilin yayından bu klubda olan ispan futbolçu “Jirona”da 132 oyuna çıxıb, 5 qol və 15 məhsuldar ötürmə müəllifi olub. O, “Muskron”, “Eybar”, “Mançester Siti”, “Dinamo 1948”, “Vilyarreal” kimi klubların da formasını geyinib.

“Jirona” digər qapıçısı Xuan Karlosla da yeni müqavilə bağlayıb. 35 yaşlı qolkiperin müddəti bu yay bitən müqaviləsinin 2024-cü ilin yayına qədər qüvvədə olacağı bildirilib. İspan futbolçu 2019-cu ildən formasını geyindiyi “Jirona”da 121 oyun keçirib, 129 qol buraxıb, 40 oyunda qapısını toxunulmaz saxlayıb. O, daha öncə “Luqo”, “Kordoba”, “Elçe”, “Rayo Valyekano” və “Herkules” kimi klublarda da oynayıb.

Gənc yarımmüdafiəçi Arnau Ortis Sançeslə də yeni müqavilə imzalanıb. 21 yaşlı sol cinah vingeri yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa qədər bu komandada qalacaq. O, daha öncə “Real Mursiya” və “Penya Deportiva”da icarədə oynadığı üçün “Jirona”nın əsas komandasında debüt şansı qazanmayıb. Yeni mövsümdən isə onun da əsas heyətə düşmək şansı olacaq.

“Jirona” sağ cinah vingerləri – 22 yaşlı İlyas Çayra və 20 yaşlı Qabriel Martinesi də “Mirandes”ə icarəyə verdiyini açıqlayıb. Onların hər ikisi növbəti mövsümün sonunadək bu klubda forma geyinəcəklər.

“Jirona”da yarımmüdafiəçi Borxa Qarsiya (32 yaş), İvan Martin (24 yaş), Xavi Hernandes (25 yaş), Rodriqo Rikelme (23 yaş), Yanxel Herrera (25 yaş), Yan Kouto (21 yaş), Tati Kastelyanos (24 yaş) və Reynierlə (21 yaş) yollar ayrılıb. Borxa Qarsiya istisna olmaqla, qalan bütün futbolçular geridə qalan mövsümdə icarə əsasında bu klubun formasını geyiniblər. İcarə müddəti bitən futbolçular müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: