Argentinalı yarımmüdafiəçi Anxel Di Mariya dünya futbolunun iki ulduz oyunçusu – Lionel Messi ilə Kristiano Ronaldonu müqayisə edib.
Arena.az xəbər verir ki, Lionel Messi “Benfika”nın və Argentina yığmasının üzvü olan Di Mariyanın millidəki komanda yoldaşıdır.
Kristiano Ronaldo isə Anxelin klub səviyyəsində keçmiş komanda yoldaşıdır. O, 2010-2014-cü illərdə “Real”da Ronaldo ilə birgə çıxış edib.
“Onların hər ikisi hər zaman yalnız qələbə haqqında düşünürlər. Ancaq sonunda, ən yaxşı oyunçu “Qızıl top”a ən çox sahib olandır, Messidə isə bu, səkkiz ədəddir. Ona görə də mənim üçün onunla Kristiano arasında müəyyən məsafə var”, deyə argentinalı futbolçu seçimini həmvətəninin xeyrinə etdiyini başa düşməyə əsas verib.
Messinin karyerası rəqəmlərin gözü ilə
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 186 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.
“Transfermarkt” internet-portalı 37 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Ronaldonun karyerası rəqəmlərin gözü ilə
Kristiano Ronaldo isə 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kristiano Ronaldo daha öncə “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


