Diana Dimçenko İtaliyada çempion oldu

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının üzvü Diana Dimçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. Arena.az xəbər verir ki, idmançımız bu uğura 31 mart – 2 aprel aralığında İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən beynəlxalq reqatada Diana bir nəfərlik qayıqla 2000 metr məsafəyə yarışıb. Ukrayna əsilli 33 yaşlı idmançımız təsnifat mərhələsində 3-cü olub. Nəticədə Dimçenko sayca 37-ci dəfə keçirilən turnirin finalına vəsiqə qazanıb. Olduqca gərgin keçən final yürüşündə isə idmançımız ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1.05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.

Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1.3 saniyə ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: