Diana Dımçenko Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.

İdmançı yarımfinalda finişə hamıdan tez çatıb. O, 2000 metr məsafəyə yürüşdə birinci olub (07:40.67/07:40.67).

Bu nəticə ilə avarçəkənimiz əsas A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən, buradakı yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib.

Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Millimizin üzvü A finalında 2-ci olub.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.