Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Espanyol” komandasının baş məşqçisi Dieqo Martines istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
42 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib. Belə ki, son 4 matçından məğlub ayrılan “Espanyol” bu mövsüm La Liqada keçirdiyi 27 oyuna cəmi 6 qələbə qazanıb. 9 heç-heçəsi olan komanda 12 oyunda da məğlubiyyətə üzülüb. Sözügedən kollektiv hazırda 27 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Dieqo Martines 2022-ci ilin iyul ayından “Espanyol”a rəhbərlik edirdi. İspan mütəxəssis bu komandanı bütövlükdə 31 oyuna çıxarıb. Bu oyunlarda 9 qələbə qazanmış kollektiv, eyni sayda da heç-heçə edib və 13 matçda məğlub olub. Martines daha öncə “Arenas Armilya”, “Motril”, “Osasuna” və “Qranada”nı da çalışdırıb.


