UEFA İspaniyanın “Atletiko” (Madrid) komandasının argentinalı baş məşqçisi Dieqo Simeone ilə bağlı intizam işi açıb.
Arena.az bu barədə qitə futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir.
Buna argentinalı mütəxəssisin UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Liverpul”la (İngiltərə) matçda azarkeşlə mübahisə etməsi səbəb olub. Matçın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jesti ilə diqqət çəkib və onunla mübahisə edib. Nəticədə qırmızı vərəqə ilə cəzalanmış mütəxəssis ehtiyat oyunçular skamiyasından qovulub. O, bu davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.
Qeyd edək ki, qarşılaşma “Liverpul”un 3:2 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, Dieqo Simeone “Atletiko”nu 2011-ci ilin dekabr ayından çalışdırır. Argentinalı mütəxəssisin Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Simeone “Atletiko”nun sükanı arxasında 744 oyun keçirib, 438 qələbə, 162 heç-heçə, 144 məğlubiyyət yaşaşıb. Bu oyunlarda “döşəkçilər”in top fərqi 1280:647 nisbətindədir.
Argentinalı mütəxəssis Madrid klubuna 8 qənimət qazandırıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2012/2013, 2018/2019). Həmçinin Dieqo Simeone 2015/2016-cı illər mövsümündə dünyanın ən yaxşı məşqçisi seçilib.


