Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone La Liqanın 28-ci turunda autsayder “Kadis”ə 0:2 hesablı səfər məğlubiyyətini şərh edib.
Arena.az “Atletico Universe” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən hiss edirəm ki, komanda əlindən gələni edir, ev oyunlarında olduğu kimi yüksək nəticələr əldə etmək üçün başqa nə etmək gərək olduğunu başa düşmürəm. Biz işləməyə davam etməli və tənqidə tab gətirməliyik, bu, ədalətlidir. Daha yaxşı olmağa çalışırıq. Komandanın qələbə arzusu var. Oyunçular göstərmək istədikləri oyunu oynaya bilmədiklərinə görə çox üzüldülər”, deyə Dieqo Simeone vurğulayıb.
Məğlubiyyət “Atletiko”nun La Liqa çempionluğu uğrunda mübarizədən xeyli geri salıb. İndi “döşəkçilər” 55 xalla yarış cədvəlinin 4-cü pilləsində yer alıblar. “Kadis” isə 22 xalla 18-ci pillədədir. La Liqaya 27 oyundan 66 xalla “Real” başçılıq edir.


