Futbol üzrə Fransa milli komandasının keçmiş hücumameyilli yarımmüdafiəçisi Dimitri Payet Marsel “Olimpik”indən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu bu gün təşkil olunmuş mətbuat konfransında bildirib.
O, ötən mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyib. Hazırda azad agent statusu daşıyan futbolçunun karyerasını başqa komandada davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Dimitri Payet 2017-ci ilin yanvarından Marsel klubunda forma geyinirdi. O, 2013-2015-ci illər aralığında da bu komandanın uğurları üçün çalışıb. Təcrübəli futbolçu “Olimpik”də bütövlükdə 326 oyuna çıxıb, 78 qol vurub, 95 məhsuldar ötürmə müəllifi olub.
Payet karyerası ərzində “Sent Etyen”, “Lill”, “Vest Hem” və “Nant” klublarının da formasını geyinib. O, Fransa milli komandasında 38 oyuna 8 qol vurub.


