Dimitrios Pelkas daha 2 il “Başakşəhər”də!

Türkiyə Super Liqasında mübarizə aparan “Başakşəhər” klubu hücumameyilli yarımmüdafiəçisi Dimitrios Pelkas ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yunanıstandan olan 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. “Başakşəhər”ə 2023-cü ilin yayında qoşulan yarımmüdafiəçi həmin vaxt 1+1 şərti ilə müqavilə bağlamışdı. Klub rəhbərliyi təcrübəli oyunçunun çıxışından razı olduğu üçün, onu 2 illik yeni müqavilə ilə heyətdə saxlamağa çalışıb.

Dimitrios Pelkas geridə qalmış 2023/2024 mövsümündə “Başakşəhər”in heyətində 25 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Pelkas daha öncə Türkiyədə “Fənərbaxça”nın da formasını geyinib. O, 2020-ci ilin oktyabrından “Başakşəhər”ə gələnə qədər bu İstanbul təmsilçisində 67 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi karyerası ərzində PAOK, “Vitoriya” (Setubal), “Hall Siti”, “Apollon” (Kalamarias) kimi klubların da formasını geyinib.

“Başakşəhər”in futbolçusu 2015-ci ilin oktyabr ayında debüt etdiyi Yunanıstan yığmasında 36 oyuna çıxıb. O, bu oyunlarda 4 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: