Yunanıstanın AEK (Afina) klubunun mərkəz müdafiəçisi Domaqoy Vida Xorvatiya milli komandasındakı karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə Xorvatiya millisinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Paylaşımda bunlar qeyd olunub: “Bu gün Vida Xorvatiya milli komandasına vida edir. Son 14 ildəki xidmətlərinə görə təşəkkür edirik”.
Xatırladaq ki, Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Domaqoy, əsas millidə 2010-cu ilin may ayında debüt edib. O, Xorvatiya millisinin heyətində 105 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Domaqoy Vida 2022-ci ilin iyul ayında Türkiyənin “Beşiktaş” klubundan azad agent kimi keçdiyi AEK-də 72 oyuna çıxıb, 9 qol və 4 assistlə yadda qalıb. O, daha öncə “Beşiktaş”, “Dinamo” (Kiyev), “Osiyek”, “Dinamo” (Zaqreb) və “Bayer” kimi klublarda da forma geyinib. 35 yaşlı futbolçunun Yunanıstan klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.
“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.


