Domeniko Krişito karyerasını başa vurdu

Futbol üzrə İtaliya milli komandasının sabiq üzvü, “Cenoa”nın müdafiəçisi Domeniko Krişito karyerasını başa vurub. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

36 yaşlı italiyalı futbolçu qərarı ilə bağlı bunları söyləyib: “Bu məqamın gələcəyini bilirdim. Hər bir peşəkar futbolçunun gec-tez qarşılaşacağı məqamdır. Bu uzun və həyəcanlı yolda mənimlə olan bütün insanlara təşəkkür edirəm. Ailəmə, həyat yoldaşıma, övladlarıma, bütün komanda yoldaşlarıma, prezidentlərimə, məşqçilərimə və xüsusən də “Cenoa” rəhbərliyinə mənə bu formanı sonuncu dəfə geyinmək imkanı verdiyi üçün təşəkkür edirəm. Oynamağı sonlandırıram, amma futbol dünyasını tərk etməyəcəyəm. Çünki futbol mənim üçün həyatdır”.

Xatırladaq ki, Domeniko Krişito bu ilin yanvar ayında Kanadanın “Toronto” klubundan ayrılaraq “Cenoa” ilə yarım mövsümlük müqaviləyə imza atmışdı. O, daha öncə 2006-2007, 2008-2011 və 2018-2022-ci illər aralığında da “Cenoa”da forma geyinib. Sol cinah müdafiəçisi bu komandanın heyətində bütövlükdə 291 oyuna çıxıb, 31 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Krişito karyerası ərzində “Zenit” (224 oyun, 20 qol, 29 asist), “Toronto” (16 oyun, 1 qol) və “Yuventus”da (9 oyun) da forma geyinib. O, İtaliya milli komandasında da 26 oyun keçirib.

İtaliyalı müdafiəçi 2011/2012 və 2014/2015 mövsümlərində “Zenit”lə Rusiya çempionu olub. O, bir dəfə Rusiya kubokunun (2015/2016) və iki dəfə Rusiya Super Kubokunun (2015 və 2016-cı illərdə) da qalibi olub.