Domeniko Krişito yenidən “Cenoa”da

Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Domeniko Krişito futbolçu karyerasını bitirməklə bağlı qərarını dəyişib. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu yenidən “Cenoa”ya qayıdıb.

Krişito bu ilin iyul ayında məhz “Cenoa”dan ayrılaraq “Toronto” ilə müqavilə bağlamışdı. Lakin ötən ay MLS təmsilçisi ilə sözləşməsinə xitam verən futbolçunun karyerasını bitirməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı. Domeniko özü isə hələ bununla bağlı qərar vermədiyini və düşündüyünü açıqlamışdı. Artıq “Cenoa” ilə məşqlərə başlamış təcrübəli oyunçu, bu klubun yenidən A Seriyasına qayıtmasına kömək etmək istəyir. Tərəflər arasında məhz mövsümün sonuna qədər müqavilə imzalanacağı ehtimal olunur. Genuya təmsilçisi hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, ötən mövsümün sonunda A Seriyasını tərk edən “Cenoa” hazırda B Seriyasında 18 oyuna topladığı 30 xalla 20 iştirakçı aasında 4-cü pillədə qərarlaşıb.

Domeniko Krişito məhz “Cenoa”nın yetirməsidir. O, “Yuventus” və “Zenit” klublarının da formasını geyinib. “Cenoa”da bütövlükdə 274 matça çıxmış Krişito, bu oyunlarda 30 qol vurub, 13 məhsuldar ötürmə edib. O, İtaliya milli komandasında da 26 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: