İngiltərənin “Bornmut” klubunun mərkəz hücumçusu Dominik Solanke bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.
“Tottenhem” bu transfer üçün “Bornmut”a 64,3 milyon avro ödəyib. 26 yaşlı ingiltərəli futbolçu yeni klubu ilə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Dominik Solanke “Çelsi”nin yetirməsidir. O, London klubunda çıxış edərkən Niderlandın “Vitess” klubunda icarədə də oynayıb. Hücumçu “Bornmut”a 2019-cu ilin yanvarında 21,2 milyon avro qarşılığında “Liverpul”dan keçib. Solankenin “Bornmut”la 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi vardı.
2023/2024 mövsümündə Solanke “Bornmut”un heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 21 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Bornmut” karyerası bütövlükdə 216 oyun, 77 qol və 31 məhsuldar ötürmədən ibarətdir.
Dominik Solanke 2017-ci ilin noyabrında İngiltərə yığmasının heyətində debüt edib. O, meydanda cəmi 15 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Hücumçu İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.
“Transfermakt” intenet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


