Almaniya Bundesliqasında mübarizə aparan Dortmund “Borussiya”sı rəsmi saytı vasitəsilə beş futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bunlar müdafiəçilər Rafael Gerreyro, Feliks Passlak, yarımmüdafiəçi Mahmud Dahud, hücumçu Antoni Modeste və qapıçı Luka Unbehaundu.
Xəbərdə bu oyunçuların klubla müqaviləsinin müddətinin mövsümün sonunda başa çatdığı qeyd olunub. Dortmund təmsilçisi onlarla yeni müqavilə bağlamaq istəməyib. Kapitan Marko Roys klubu tərk edəcək oyunçulara vida hədiyyələri təqdim edib.
Xatırladaq ki, Dortmund “Borussiya”sı mövsümün son turunda “Maynts”la ev oyununda (2:2) xal itirməklə çempionluğu “Bayern”ə “hədiyyə edib”.
“Borussiya”dan gedənlər rəqəmlərin gözü ilə
Rafael Gerreyro 2016-cı ilin iyul ayında 12 milyon avroya Fransanın “Loryan” klubundan “Borussiya”ya transfer olunmuşdu. 29 yaşlı sol cinah müdafiəçisi bu komandada 224 oyun keçirib, 40 qol və 50 məhsuldar ötürmə müəllifi olub. Daha öncə Fransada “Kan” və “Loryan”da oynamış Gerrero Portuqaliya millisində 63 oyun keçirib, 4 qola imza atıb.
Feliks Passlak “Borussiya”nın öz yetirməsidir. Almaniyadan olan 24 yaşlı sağ cinah müdafiəçidi doğma klubunun əsas komandasında 55 oyuna çıxıb, 3 qol və eyni sayda asistlə yadda qalıb. O, icarə əsasında “Hoffenhaym”, “Norviç Siti” və “Fortuna Sittard” kimi klublarda da oynayıb. Passlakın yeni komandası da məlumdur. O, yeni mövsümdən “Bohum”da çıxış edəcək. Bu kluba azad agent kimi keçəcək futbolçunun müqavilə müddəti daha sonra açıqlanacaq. O, Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə şans qazanmayıb.
Mahmud Dahud Dortmund klubuna 2017-ci ilin iyulunda Mönhenqladbax “Borussiya”sından 12 milyon avroya keçmişdi. Əslən Suriyadan olan 27 yaşlı almaniyalı yarımmüdafiəçi bu komandada 141 oyuna çıxıb, 5 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. O, Almaniya millisində də 2 matç keçirib.
Antoni Modeste “Borussiya”ya 2022-ci ilin avqustunda “Köln”dən 5.10 milyon avro qarşılığında keçmişdi. Fransadan olan 35 yaşlı forvard Dortmund təmsilçisində 28 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu daha öncə “Nitsa”, “Anje”, “Bordo”, “Blekbern”, “Bastiya”, “Hoffenhaym”, “Köln”, “Tianjin Quanjian”, “Sent-Etyen” kimi klubların da formasını geyinib.
Luka Unbehaun da “Borussiya”nın əvəzedici komandasındakı çıxışı ilə tanınır. 22 yaşlı alman əsas komandada debüt şansı qazanmayıb.





