Albaniyanın paytaxtı Tirana şəhərində qeyri-olimpiya çəki dərəcələri üzrə təşkil olunmuş dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, oktyabrın 29-da və 30-da qadın güləşçilərin mübarizəsi baş tutub.
Zərif cinsin nümayəndələri 4 çəkidə medallar uğrunda mübarizə aparıblar. Azərbaycan güləşçiləri bu çəki dərəcələrindən ikisində təmsil olunublar.
Dünya çempionatı
Qadın güləşi
59 kq
1/8 finaldan yarışa qoşulan Alyona Kolesnikin ilk rəqibi braziliyalı Ana Luiza Pereyra olub. Güləşçimiz bu rəqibinə tam üstünlüklə (16:6) qalib gələrək 1/4 finala yüksəlib. Lakin o növbəti mərhələdə məğlub olub. Monqolustanlı Tserençimed Sukii 9:0 hesabı ilə qalib gəlib.
65 kq
Elis Manolova təsnifat mərhələsində Natalya Gizelə (Polşa) sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək 1/8 finala yüksəlib. O, daha sonra rumıniyalı Ekaterina Zelenıxa 0:11 hesabı ilə uduzub.
Bu məğlubiyyətlərə baxmayaraq, güləşçilərimizin hələ də bürünc medal qazanmaq şansları var idi. Rəqibləri finala qədər irəlilədiyi üçün, həm Alyona, həm də Manolova bu gün təsəlliverici görüşlərdə şanslarını yoxlayıblar. Təəssüf ki, onlar təsəlliverici görüşdə də məğlub olublar və mundialı medalsız bitiriblər.
Qeyd edək ki, bu mundiala oktyabrın 31-də yekun vurulacaq. Bu gün sərbəst güləşçilərimiz də mübarizəyə start veriblər. Sabah sərbəst güləş üzrə medalçılar müəyyənləşəcəklər.
Xatırladaq ki, daha öncə Azərbaycanın yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığmamız komanda hesabında birinci yeri tutub.


