Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçirilir. Arena.az xəbər verir ki, ilk yarış günündə 5 güləşçimiz xalçaya çıxmışdı.
Onlardan dördü – Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla erkən vidalaşmışdı.
Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə də startda sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzmuşdu. Lakin onun rəqibi finala yüksəldiyi üçün Quluzadə bu gün təsəlliverici görüşə çıxıb. O, əvvəlcə Özbəkistandan olan həmkarını üstələyib. Növbəti qarşılaşmada isə Ukrayna idmançısına heç bir şans tanımayıb. Həlledici görüşdə ABŞ təmsilçisinə tam üstünlüklə qalib gələn Nihad dünya çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, bu gün daha iki güləşçimiz – Həsrət Cəfərovla Ülvü Qənizadə da dünya çempionatında qüvvəsini sınayıb. Həsrət dünya çempionatının finalına yüksəlib. Ülvi isə finalın bir addımlığında məğlub olub və ümidini bürünc medala bağlayıb. Onlar sabah medal uğrunda mübarizə aparacaqlar.
Dünya çempionatı
55 kq
1/8 final: Nihad Quluzadə – Poya Dad Marz (İran) 1:1*
Təsəlliverici görüş: Nihad Quluzadə – İxtiyar Botirov (Özbəkistan) 7:3
Təsəlliverici görüş: Nihad Quluzadə – Taras Krupski (Ukrayna) 8:0
Bürünc medal görüşü: Nihad Quluzadə – Teylor La Mont (ABŞ) 9:0


