Duqlas Kosta MLS klubu ilə müqavilə bağladı

Futbol üzrə Braziliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta bundan sonra karyerasını ABŞ-da davam etdirəcək. Arena.az xəbər verir ki, o, MLS təmsilçisi “Los Anceles Qalaksi” komandasına keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, yeni komandasında icarə əsasında oynayacaq.

Duqlas Kosta 2017-ci ildən “Yuventus”da çıxış edir. O, Turin təmsilçisində bütövlükdə 103 matça çıxıb, 10 qol vurub. İtaliya klubu yarımmüdafiəçini ötən mövsüm Almaniyanın “Bayern” klubuna icarəyə vermişdi. Bu mövsümdən isə o, Braziliyanın “Qremio” klubunda icarədə çıxış edirdi. Braziliya millisində 31 oyuna 3 qol vurmuş Kosta, daha öncə də “Qremio”da çıxış edib. Məhz bu klubun yetirməsi olan futbolçu, sonradan Ukraynanın “Şaxtyor” (Donetsk) komandasında (2010-2015) legioner həyatı yaayıb. 2015-ci ildə məhz Ukrayna klubundan “Bayern”ə transfer olunan Duqlas, 2017-ci ildə Münhen təmsilçisini “Yuventus”a dəyişmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: