Futbol üzrə Braziliya millisinin və “Aston Villa”nın mərkəz yarımmüdafiəçisi Duqlas Luis bundan sonra “Yuventus”da forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Yuventus” bu transfer üçün 51,5 milyon avrosundan keçib.
Üstəlik, “Yuventus”un iki futbolçusu – dayaq yarımmüdafiəçisi Enso Barreneça və cinah yarımmüdafiəçisi Samuel İlinq-Junior da “Aston Villa”ya keçiblər. Samuelin İngiltərə klubuna keçidi 14, Ensonun transferi isə 8 milyon avroya başa gəlib. “Aston Villa” yeni oyunçuları ilə imzalanmış müqavilənin müddəti və digər detalları barədə məlumat verməyib.
Xatırladaq ki, Duqlas Luis “Aston Villa”ya 2019-cu ilin yayında 16,8 milyon avro qarşılığında keçmişdi. O, sözügedən komandanın heyətində 204 oyun keçirib, 22 qol və 24 məhsuldar ötürmə müəllifi olub. Duqlas daha öncə “Jirona” və “Vasko da Qama”da da oynayıb. Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 16 oyuna çıxıb.
Samuel İlinq-Junior “Çelsi”nin yetirməsidir. 20 yaşlı ingilis futbolçu “Yuventus”a 2020-ci ilin sentyabr ayında 1,88 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi 2020-ci ilin dekabr ayından Turin klubunun əsas komandasında oynayırdı. O, bu komandada 45 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
Enso Barreneça isə “Yuventus”a 2020-ci ilin yanvarında İsveçrə “Syon”undan 5,2 milyon avro qarşılığında gəlmişdi. 23 yaşlı argentinalı futbolçu ötən mövsümü icarə əsasında “Froziinone”də keçirib. O, Turin klubunun əsas komandasında cəmi 5 matç keçriib.




