Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl”ın baş məşqçisi Eddi Hau yeni mövsümə az müddət qalmış vəzifəsini tərk edib.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir:
“Demək olar ki, beş il ərzində bütün enerjimi, həyatımı, qəlbimi və ruhumu bu kluba həsr etdikdən sonra hiss edirəm ki, həm özümün, həm də klubun maraqları naminə geri çəkilməli, güc toplamalı və fasilə verməliyəm. Bu qərarı qəbul etmək mənim üçün inanılmaz dərəcədə çətin olsa da, daxilən bunun doğru addım olduğunu bilirəm. Burada olduğum müddətdə verdiyim hər qərarda həmişə “Nyukasl”ın maraqlarını öz maraqlarımdan üstün tutmuşam və bu qərar da istisna deyil. “Nyukasl”ın baş məşqçisi olmaq mənim həyatımın ən böyük şərəfi idi. Bu klubun, şəhərin və azarkeşlərin mənim və ailəm üçün nə ifadə etdiyini sözlərlə ifadə etmək çətindir və onlar həmişə bizim üçün xüsusi olacaq”, – deyə Hau bildirib.
48 yaşlı Hau 2021-ci ilin noyabrından “Nyukasl”a rəhbərlik edirdi. 2024/2025-ci illər mövsümündə onun rəhbərliyi altında komanda İngiltərə Liqa Kubokunu qazanıb. Geridə qalmış mövsümdə isə klub İngiltərə çempionatının turnir cədvəlində 12-ci yeri tutub.
Daha əvvəl Eddi Hau İngiltərənin “Bornmut” və “Börnli” klublarını çalışdırıb.
“Nyukasl”ın növbəti baş məşqçisinin almaniyalı Mattias Yayssle olacağı iddia edilir.


