Eden Hazard: “Kristiano Ronaldo məndən yaxşı deyil”

“Real”ın belçikalı sabiq sol vingeri Eden Hazard futbol istedadı baxımından ondan kimin güclü olması sualını cavablayıb.

Arena.az məlumat verir ki, Hazard bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazıb:

“Futbol istedadına görə hansı futbolçu məndən üstündür? Fərdi olaraq, Messi bəlkə də yeganədir. Mən onu “Barselona”da izləməkdən həzz aldım, sonlara doğru daha azaldı, amma o, tarixin ən böyük oyunçusudur. Topu ondan almaq mümkün deyil, o, sadəcə inanılmazdır. Kristiano məndən daha böyük oyunçudur, amma təmiz futbol baxımından, düzünü desəm, onun daha yaxşı olduğunu düşünmürəm”, deyə Hazard iddialı yazısı ilə diqqət çəkib.

Xatırladaq ki, Hazard ötən mövsümün sonunda “Real”ı tərk edəndən bəri işsiz idi. Azad agent statusunda olan futbolçuya MLS-dən (ABŞ) və Səudiyyə Ərəbistanı klublarından sərfəli təkliflər olsa da, Eden yaşıl meydanlara qayıtmaq istəməyib.

Belçikalı futbolçu “Real”dan öncə Fransanın “Lill” və İngiltərənin “Çelsi” klublarında da forma geyinib. Hazard karyerasının “Real” dönəmində “qaymaqlılar”ın heyətində 76 oyuna çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə verib. Eden “Real”la 2 dəfə İspaniya çempionatını (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2021/2022), UEFA Çempionlar Liqasını (2021/2022), UEFA Super Kubokunu (2022/2023), FIFA Klub Dünya Kubokunu (2023) qazanıb. Buna rəğmən, futbol mütəxəssisləri böyük karyera vəd edən istedadı müqabilində Hazardın futbol dünyasının gözləntilərini tam doğrultmadığı qənaətindədirlər.

Eden Hazard 2008-ci ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 126 oyuna çıxıb, 33 qol vurub, 36 məhsuldar ötürmə verib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 10-da 32 yaşlı Hazard peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: