İtaliya yığmasında çıxış etmiş braziliyaəsilli keçmiş mərkəz hücumçusu Eder 2018-ci ildə “İnter”dən gedişinin əsl səbəbini açıqlayıb.
Arena.az xəbər verir ki, italiyalı 39 yaşlı keçmiş futbolçu bunun səbəbinin italyan mütəxəssis Luçano Spalletti ilə bağlı olduğunu bildirib:
“Luçano Spallettinin ucbatından və onun daimi riyakarlığı səbəbindən çıxıb-getdim. Bir məşqçi kimi o, yüksək səviyyəlidir, amma bir insan olmasına gəlincə…”, – Eder sükutla hər kəsi düşünməyə sövq edib.
Xatırladaq ki, Eder ötən onilliyin ortalarında “Sampdoriya”nın heyətində parlaq çıxışları ilə diqqət çəkib. O, 2016-cı idə “İnter”ə yol tapmış, ardınca isə İtaliya vətəndaşlığı təklifi alaraq, “Skuadra Adzurra”da oynayıb. İtaliyalı hücumçu vaxtilə Bakı Olimpiya Stadionunda qol vurmuş ilk futbolçu olub. Bu, Ederin 10 il əvvəl millimizə 3:1 hesabıyla qalib gəldikləri rəsmi matçda 11-ci dəqiqədə hesabı açması ilə gerçəkləşib.


