Futbol üzrə Uruqvay yığma komandasının hücumçusu Edinson Kavani Artgentinanın “Boka Xuniors” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Təcrübəli oyunçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Kavani ötən ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq “Valensiya”ya keçmişdi. O, bu komandada bir mövsüm ərzində 28 oyun keçirib, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Futbolçu sözügedən klubla müqaviləsinə bir neçə gün öncə qarşılıqlı razılıq əsasında xitam vermişdi. Onun “Valensiya” ilə sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaqdı.
Peşəkar karyerasına “Danubio”da başlamış Edinson Kavani, “Palermo”, “Napoli”, PSJ və “Mançester Yunayted”də də forma geyinib. Uruqvay yığmasında 136 oyun keçirmiş hücumçu 58 qola imza atıb.


