Məşhur uruqvaylı veteran mərkəz hücumçusu Edinson Kavani yığma komandanın heyətində çıxışını başa vurduğunu açıqlayıb.
Arena.az ESPN portalına istinadən məlumat verir ki, Kavani bu yay ABŞ-da keçiriləcək Amerika Kubokunda Uruqvay yığmasının heyətində olmayacaq:
“Sevimli “seleste”, mən, sənə sadəcə, heyətində tərəqqimə verdiyin hər dərs üçün təşəkkür etmək istəyirəm”, – Kavani özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
Edinson Kavani “Danubio”nun yetirməsidir. Uruqvaylı hücumçu karyerası ərzində “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted”, “Valensiya” və “Boka Xuniors”da çıxış edib.
Kavani 2023-cü ilin iyulunda “Valensiya”dan azad agent qismində “Boka Xuniors”a qoşulub. Uruqvaylı hücumçunun Argentina nəhəngi ilə müqaviləsinin müddəti 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kavani “genuyalılar”ın heyətində 18 oyuna 12 qolla fərqlənib.
Edinson Kavani 2008-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 136 oyuna çıxıb, 58 qol vurub, 17 məhsuldar ötürmə verib.
Edinson Kavanin qənimətlər muzeyində “Danubio” ilə Uruqvay çempionluğu, “Napoli” ilə İtaliya Kuboku, PSJ ilə Fransa çempionluğu (6 dəfə), Fransa Kuboku (5 dəfə), Fransa Liqa Kuboku (6 dəfə), Fransa Super Kuboku (5 dəfə) var.
Uruqvay yığması ilə Kavani Amerika Kubokunun (2011) qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı uruqvaylı veteran mərkəz hücumçusu Edinson Kavaninin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


