Futbol üzrə Uruqvay yığma komandasının mərkəz hücumçusu Edinson Kavani İspaniyanın “Valensiya” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun klubla sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaqdı.
İddiaya görə, Kavani karyerasını “Boka Xuniors”da davam etdirəcək. Onun İspaniya klubundan ayrılmasına da məhz Argentina təmsilçisindən aldığı təklif səbəb olub.
Xatırladaq ki, Kavani ötən ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq “Valensiya”ya keçmişdi. O, bu komandada bir mövsüm ərzində 28 oyun keçirib, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Peşəkar karyerasına “Danubio”da başlamış Edinson Kavani, “Palermo”, “Napoli”, PSJ və “Mançester Yunayted”də də forma geyinib. Uruqvay yığmasında 136 oyun keçirmiş hücumçu 58 qola imza atıb.
“Valensiya” mərkəz müdafiəçisi Xorxe Saenslə də yollarını ayırıb. 26 yaşlı ispan futbolçu 400 min avro qarşılığında “Leqanes”ə keçib. O, yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 2019-cu ildən “Valensiya”da olan müdafiəçi bu komandada forma şansı qazanmayıb. O, “Selta”, “Maritimo”, “Mirandes” və yenicə keçdiyi “Leqanes” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Müdafiəçi daha öncə yetirməsi olduğu “Tenerife”nin uğurları üçün çalışıb, İspaniyanın gənclərdən ibarət yığmalarında oynayıb.
Bir müddət öncə “Valensiya”dan ayrılan qapıçı Yaqo Herrerin isə azad agent kimi Kiprin AEK (Larnaka) klubuna keçib. 35 yaşlı ispan qolkiper yeni klubu ilə 1+1 illik sözləşmə imzalayıb. O, ötən ilin sentyabrından formasını geyindiyi La Liqa klubunda cəmi 1 oyuna çıxıb və qol buraxmayıb. Yaqo daha öncə “Atletik”, “Numansiya”, “Leqanes”, “Əl-Raed”, “Barakaldo” kimi klubların da formasını geyinib.


