İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Edoardo Boveyə əməliyyatla ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılıb.
Arena.az xəbər verir ki, əməliyyatdan sonra 22 yaşlı futbolçunun sağlamlığı üçün təhlükə aradan qaldırılıb.
O, şənbə günü xəstəxananı tərk edərək evə buraxılacaq. Bununla belə, defibrillyatorun implantasiyası, İtaliyanın idman təbabəti və kardiologiyası üzrə milli təlimatlarına əsasən, Bovenin rəqabətli idman fəaliyyətlərində iştirakına mane olacaq. Bir sözlə, Bovenin futbolçu karyerası böyük sual altındadır.
Xatırladaq ki, İtaliya A Seriyasının 14-cü turu çərçivəsində keçirilmiş “İnter”lə ev oyununun 16-cı dəqiqəsində Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilib. O, dərhal xəstəxanaya təxliyə edilib. Oyun isə hesab 0:0 ikən təxirə salınıb. Qarşılaşma ilə bağlı daha sonra qərar veriləcək.
Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi olan Edoardo Bove “Roma”nın məzunudur. O, 2024-cü ilin avqust ayından “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışmalı idi.
Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.
Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.
Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.


