Eduardo Kamavinqa: “Real” həmişə ÇL-in favoritidir”

“Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa İspaniya La Liqası ilə UEFA Çempionlar Liqası arasındakı fərqdən danışıb.

Arena.az Kamavinqanın bu barədə fikirlərini təqdim edir:

“UEFA Çempionlar Liqası tamamilə fərqli bir yarışdır. Hər kəs bu yarışda qalib gəlmək istəyir. Bundan əlavə, bu, bir qayda olaraq La Liqadan daha qısadır. Səviyyə də daha yüksəkdir. “Real” həmişə bu yarışın favoritidir”.

Kamavinqa PSJ-nin hücumçusu Kilian Mbappenin cari mövsümün sonunda, parislilərlə müqaviləsi başa çatdıqdan sonra “kral klubu”na keçib-keçməyəcəyi ilə bağlı sualı da cavablayıb:

“Mən sizə olduğu kimi deyirəm: Kilian ilə bu mövzunu müzakirə etməmişəm. O, PSJ-nin oyunçusudur və gələn mövsüm nə olacağını deyə bilmərəm”, deyə fransalı futbolçu bildirib.

Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro müqabilində “Renn”dən transfer edib. Kamavinqanın “Real”la yeni müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Eduardo “Real”ın heyətində 30 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. Ümumilikdə Eduardo “Real”ın heyətində 129 oyuna 2 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Fransalı yarımmüdafiəçi “Real”la İspaniya La Liqasının (2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Eduardo Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Eduardo “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı Eduardo Kamavinqanı 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: