Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda təşkil edilmiş və bu gün start gtöürmüş dünya çempionatında qızıl medal qazanıb.
Arena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edərək dünya çempionu olub. Bununla da Azərbaycan yığması turnirdə ilk medalını əldə edib.
Əhməd Yusifov çempionatdakı mübarizəsinə 1/16 final mərhələsindən başlayıb. O, bu mərhələdə monqolustanlı Tumenjarqal Tuvşinturu, 1/8 finalda hindistanlı Harş Sinhi, 1/4 finalda isə rusiyalı Ayub Bliyevi məğlub edib.
Azərbaycan təmsilçisi yarımfinalda Çin Taypeyindən olan Yanq Yunq Veyi də üstələyərək finala yüksəlib. Həlledici görüşdə isə Şerzod Davlatova qalib gələrək karyerasında ilk dünya çempionluğu titulunu qazanıb.
Turnirin ilk günündə Azərbaycanın digər cüdoçuları da tatamiyə çıxıblar.
60 kq çəki dərəcəsində Balabəy Ağayev ilk görüşündə ukraynalı Dilşod Xalmatovu məğlub etsə də, növbəti mərhələdə ABŞ təmsilçisi Conatan Yanqa uduzaraq mübarizəni dayandırıb.
48 kq çəki dərəcəsində Kənul Əliyeva ilk qarşılaşmasında çilili Mari Di Varqasa qalib gəlib, 1/8 finalda isə rusiyalı Sabina Gilyazovaya məğlub olub. Şəfəq Həmidova isə ilk görüşündə Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya uduzaraq turnirdə çıxışını başa vurub.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edir.
Dünya çempionatı oktyabrın 11-dək davam edəcək. Azərbaycan yığması oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da iştirak edəcək.


