Elayis Tavşan və Ticani Noslin “Verona”da

İtaliyanın “Verona” klubu heyətini birdən-birə iki sağ cinah vingeri – Elayis Tavşan və Ticani Noslinlə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilşçisi rəsmi saytı vasitəsilə gücləndirib.

“Verona” bu iki transfer üçün bütövlükdə 3,5 milyon avro ödəyib. Belə ki, italyanlar Niderlandın “NEK Neymegen” klubundan alınan Elayis Tavşana görə 500 min avro xərcə düşüblər. Niderlandın digər təmsilçisi “Fortuna Sittard”dan gələn Ticani Noslin üçün isə 3 milyon avro ödənilib. “Verona” yeni transferləri ilə müqavilənin müddəti və digər detalları barədə açıqlama verməyib.

Əslən Türkiyədən olan Elayis Tavşan Niderlandda dünyaya göz açıb. O, bu ölkənin “Sparta” (Rotterdam) klubunun yetirməsidir. “Telstar”da da oynamış Elayis, 2020-ci ilin iyul ayından “NEK Neymegen”də çıxış edirdi. O, bu komandada 118 oyuna çıxıb, 25 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. 22 yaşlı futbolçu vaxtilə Niderlandın U-17, U-18, U-19 və U-21 yığmalarında oynayıb.

Ticani Noslin isə peşəkar karyerasına “Herkules”də başlayıb. “DHSC Utrext” komandasında da forma geyinmiş 24 yaşlı hücum oyunçusu 2021-ci ilin avqust ayından “Fortuna Sittard”ın uğurları üçün çalışırdı. Niderlandlı futbolçu bu komandada 71 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

“Verona” sol cinah vingeri Cayden Brafı da “Fortuna Sittard”a icarəyə verib. Əslən Surinamdan olan niderlandlı futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

“Ayaks”ın yetirməsi olan, daha sonra PSV, “Mançester Siti” və Dortmund “Borussiya”sının aşağı yaş qrupları üzrə komandalarında oynamış holland futbolçu İtaliyanın “Verona” və “Udineze” klublarında icarədə də olub. 20 yaşlı futbolçu 2023-cü ilin yayında tamhüquqlu əsasla “Verona”ya keçsə də, bu komandada cəmi 6 oyun keçirib. O, Niderlandın U-15, U-17 və U-18 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: