İspaniyanın “Elçe” komandasının baş məşqçisi Fran Eskriba istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssis La Liqanın 14-cü turunun “Betis”lə ev oyunundan (0:3) sonra istefaya göndərilib. İspan məşqçi ilə müqaviləyə xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Fran Eskriba 2021-ci ilin fevral ayından bu komandaya rəhbərlik edirdi. “Elçe” onun dövründə 31 rəsmi oyuna çıxıb və cəmi 7 qələbə qazana bilib. 8 heç-heçəsi olan komanda 16 oyunda məğlubiyyətlə üzləşib. Sözügedən kollektiv bu mövsüm La Liqada keçirdiyi 14 oyunda cəmi 11 xal toplayıb və 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.


