Elçin Məsiyev ÇFR – “Adana Dəmirspor” matçını idarə etdi

Azərbaycanlı hakim Elçin Məsiyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ÇFR (Kluj) – “Adana Dəmirspor” matçını idarə edib.

Arena.az xəbər verir ki, Rumıniya və Türkiyə komandalarının ilk qarşılaşması Kluj şəhərində baş tutub.

Azərbaycanlı FİFA referisinə bu oyunda yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov yardım ediblər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirib.

Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Hesabı 6-cı dəqiqədə meydan sahibləri açıblar. Amma Türkiyə təmsilçisi 77-ci dəqiqədə bərabərlik qolunu vurmağı bacarıb.

Elçin Məsiyev bu oyunda 6 sarı vərəqə göstərib. O, həm meydan sahiblərinin, həm də qonaqların 3 futbolçusuna rəsmi xəbərdarlıq edib.

Tərəflər arasındakı cavab görüşü avqustun 3-də Adanada baş tutacaq.

Sonda onu da xatırladaq ki, Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: