“Başakşəhər”in 31 yaşlı özbək mərkəz hücumçusu Eldor Şomurodov “Roma”dan tamhüquqlu əsasda ayrılaraq Türkiyə klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Keçid Türkiyə təmsilçisinə 2,8 milyon avro məbləğ müqabilində başa gəlib. Şomurodov 2028-ci ilin iyun ayının sonuna qədər müddət ərzində “boz bayquşlar”ın xidmətində olacaq.
Xatırladaq ki, Eldor Şomurodov “Başakşəhər”ə 2025-ci ilin yayında İtaliyanın “Roma” klubundan icarə müqaviləsi əsasında keçmişdi. Türkiyə klubu bir mövsümlük icarə üçün “canavarlar”a 3 milyon avro ödəmişdi.
31 yaşlı forvard “Başakşəhər”in heyətində 44 oyun keçirib, 23 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Şomurodov 2021-ci ildən formasını geyindiyi “Roma”nın heyətində 85 oyun keçirib, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Özbək hücumçu daha öncə “Spetsiya” və “Kalyari”də də icarədə olub. Özbək forvard “Roma”dan əvvəl də “Rostov”, “Bunyodkor”, “Maşal” və “Cenoa” kimi klubların formasını geyinib.
Təcrübəli hücumçu 2015-ci ilin sentyabr ayında debüt etdiyi Özbəkistan milli komandasının heyətində 95 oyun keçirib. 31 yaşlı forvard bu görüşlərdə 45 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı özbək hücumçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.


