Özbəkistan millisinin və “Roma”nın hücumçusu Eldor Şomurodov bundan sonra “Başakşəhər”in uğurları üçün çalşacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıblar.
“Başakşəhər” 30 yaşlı futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Mətbuatın yazdığına görə, klublar 3 milyon avro məbləğ müqabilində icarə müqaviləsi razılaşdırıblar. Müqaviləyə 2,7 milyon avro məbləğ müqabilində satınalma maddəsi də daxil edilib.
Xatırladaq ki, Eldor Şomurodov “Roma”ya 2021-ci ilin avqust ayında 18 milyon avro qarşılığına “Cenoa”dan gəlmişdi. Özbəkistandan olan 29 yaşlı forvard “canavarlar”ın heyətində 85 oyun keçirib, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Şomurodovun “Roma” ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.
Şomurodov bu müddət ərzində “Spetsiya” və “Kalyari”də də icarədə olub. Özbək forvard “Roma”dan əvvəl də “Rostov”, “Bunyodkor”, “Maşal” və “Cenoa” kimi klubların formasını geyinib.
Təcrübəli hücumçu 2015-ci ilin sentyabr ayında debüt etdiyi Özbəkistan milli komandasının heyətində 82 oyun keçirib. 29 yaşlı forvard bu görüşlərdə 42 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı özbək hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


