Futbol üzrə Avropa Liqasında Liqa mərhələsinin “Elfsborq” – “Qarabağ” matçının qonaq azarkeşləri üçün biletlər sabahdan satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ağdam klubu Avroliqanın Liqa mərhələsinin 6-cı turu çərçivəsində İsveçdə “Elfsborq”la üz-üzə gələcək. Artıq İsveç klubu azərbaycanlı azarkeşlər üçün ayrılmış biletlərin satışına başlayıb. “Qarabağ”ı dəstəkləmək istəyən tərəfdarlar biletləri sabah saat 12:00-dan etibarən iTicket.az saytında əldə edə biləcəklər.
Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi “Scandic Plaza Boras” (Allegatan 3, 503 32 Boras, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidirlər. Biletlərin qiyməti 30 manatdır.
Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-də keçiriləcək. Bu oyun dekabrın 13-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-də start götürəcək.
Keçirdiyi ilk beş oyunda bir qələbə qazanıb, dörd məğlubiyyətə üzülmüş Azərbaycan çempionu hazırda 3 xalla 32-ci sırada qərarlaşıb. Beş turda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görmüş İsveç təmsilçisi isə 4 xalla 28-ci yerdədir.


