Almaniyanın “Leypsiq” klubunun hücumameyilli yarımmüdafiəçisi Elif Elmas bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şimali Makedoniya yığmasının 26 yaşlı futbolçusu Berqamo klubu tərəfindən sonradan satınalma şərti ilə icarəyə götürülüb.
Elif Elmas “Leypsiq”ə 2024-cü ilin əvvəlində 23 milyon avro müqabilində “Napoli”dən keçib. Amma o, Almaniya klubunun heyətində möhkəmlənə bilməyib. Belə ki, futbolçu Bundesliqa təmsilçisinin heyətində cəmi 22 oyuna çıxıb və 1 assistlə yadda qalıb. Yarımmüdafiəçi əvvəlki mövsümlərdə İtaliyanın “Torino” və “Napoli” klublarında da icarədə olub.
Elif Elmas Şimali Makedoniyanın “Rabotniçki” (Skopye) klubunun yetirməsidir. 2017-ci ilin iyulunda “Rabotniçki”dən “Fənərbağça”ya keçmiş Elmas, burada səviyyəsini artırıb və 2019-cu ilin iyulunda “Napoli”yə keçib.
Elmas karyerası ərzində 2 qənimət əldə edib və bunların hər ikisi “Napoli” ilə bağlıdır. O, 2019/2020 mövsümündə İtaliya Kubokunun, 2022/2023 mövsümündə isə İtaliya A Seriyasının qalibi olub.
Elif 2017-ci ilin iyununda debüt etdiyi Şimali Makedoniya yığmasının heyətində 79 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Elmas əsas yığmaya düşənə qədər Şimali Makedoniyanın U-15 yığmasında U-21 yığmasına qədər bütün mərhələrdən keçib.
“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.


