Elis Manolova Avropa çempionatında 3-cü oldu

Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 28 yaşlı idmançımız bu gün 3-cü yer uğrunda görüşdə rəqibini üstələyib.

Avropa çempionumuz həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlubiyyətə uğradıb – 2:1.

Xatırladaq ki, Elis Manolova ötən gün təsnifatda yunanıstanlı Nikoleta Barmpaya 5:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlmişdi. Daha sonra o, belaruslu Tatyana Pavlovaya 4:1 hesabıyla qalib gələrək yarımfinala çıxmışdı. Elis yarımfinalda ukraynalı İrina Koliadenko ilə qarşılaşmış və 0:11 hesabıyla məğlub olduğu üçün bürünc medal uğrunda güləşmək məcburiyyətində qalmışdı.

Manolovadan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb. O, ötən gün mübarizəyə 1/8 finaldan başlamışdı. Birgül norveçli Avropa çempionu və dünya ikincisi Qreys Bullenə “tuş”la məğlub olmuşdu. Rəqibi finala qədər irəlilədiyi üçün Soltanova bu gün təsəlliverici görüşə qatılmışdı. Təsəliverici görüşdə rumıniyalı Amina Kapezana 6:0 hesabıyla qalib gələn güləşçimiz bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanmışdı. Medal görüşündə neytral idmançı Veranika İvanova ilə qarşılaşan Birgül uduzduğu üçün bu AÇ-dən əliboş qayıtmalı olub.

Beləliklə, Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olmuşdular.

Qeyd edək ki, yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) bu AÇ-də birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.