“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 7-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Qələbə qazansaq da, ağır matç oldu. Komanda şəklində yaxşı oyun ortaya qoyduq. Təəssüf ki, yaratdığımız epizodların hamısından yararlana bilmədik. Oyundan-oyuna hücum planında daha da yaxşı olacağıq.
Rəqibimiz çempionatın ən ağır komandalarından biri idi. “İmişli” müdafiəni yaxşı quran kollektivdir. Komanda olaraq oyuna hazır idik. Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışırdılar.
Komandamın tam potensialı bu deyil. Fikrimcə, tam heyət olandan sonra daha yaxşı olmaq ehtimalımız çoxdur. Hələ çempionatın əvvəlidir. İndidən hədəf barədə düşünmürük. Yalnız önümüzdəki rəqibi düşünürük. Sağlam bir kollektivimiz var. İnanıram ki, futbolçularım bu il də yaxşı iş ortaya qoyacaqlar”.
Elmar Baxşıyev komandasının 10 qol vurub, 9 qol buraxmasına da münasibət bildirib:
“İşə statistika ilə yanaşsaq, özümüzü aldatmış olarıq. Bəzən statistika heç bir anlama gəlmir. Bu gün oyunu daha rahat bitirə bilərdik. Amma son dəqiqələrə kimi dinamika, həyəcan davam etdi. Mövsümün əvvəlidir, sıxıntıların olması normaldır. Heyətimizə yeni oyunçular qatmışıq. Zamanla daha yaxşı komanda olacağıq”.
“Məğlubiyyət bizim motivasiyamızı azaltmayacaq”
“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Çox çətin və keyfiyyətli oyun oldu. “Araz-Naxçıvan” avrokuboklar üçün mübarizə aparır. Matça yaxşı başladıq. Komandam yüksək pressinq tətbiq edirdi. Bərabər oyun gedirdi. “Araz-Naxçıvan” birinci hissədə standart vəziyyətdən yaxşı istifadə etdi. Fasilədə oyunçulara motivasiya verdik. İkinci yarıya çox yaxşı başladıq. Hücumda çox vaxt keçirirdik. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə penaltidən yararlana bilmədik.
Çox dəyişiklik etməyimiz normal haldır. Çünki məğlub durumda idik. Buna görə meydana hücumameyilli oyunçular buraxdıq.
Biz futbolçuları nəinki penaltilərə, cərimə zərbələrinə də hazırlayırıq. Penalti qaçırmaq futbolda normal haldır. Messinin, Maradonanın da vura bilmədiyi vaxtlar olub. Qələbə və məğlubiyyət də futbolun bir hissəsidir. Elə komanda yoxdur ki, həmişə qalib gəlsin. “Araz-Naxçıvan” kimi çox güclü komandaya qarşı belə oyun göstərməyimiz pozitiv məqamdır. Məğlubiyyət bizim motivasiyamızı azaltmayacaq. “Qəbələ” ilə matçda meydana qələbə qazanmaq üçün çıxacağıq. Məşqlərimizə eyni formada davam edəcəyik”.


