İtaliyanın “Piza” klubu bu ölkənin digər komandası “Napoli”yə məxsus olan 20 yaşlı hücumçu Emanuele Rao ilə müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyasında çıxış edən “Piza” 20 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Rao 2026/2027-ci illər mövsümünü icarə əsasında bu komandada keçirəcək. Tərəflər arasında imzalanan müqavilədə futbolçunun gələcəkdə birdəfəlik transfer olunması ilə bağlı satınalma şərti yer almayıb.
Gənc futbolçu ötən mövsümü də İtaliyanın ikinci liqasında keçirib. O, “Bari”də icarə əsasında çıxış edib və bütün turnirlərdə 35 matçda meydana çıxaraq 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
Emanuele Rao “Napoli”nin yetirməsidir. Onun Neapol təmsilçisi ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


