Emin Mahmudov 200-cü dəfə “Neftçi”ni kapitanı kimi oyuna çıxardı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün 7-ci turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Emin 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb.

Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Mahmudov ilk dəfə 2017/2018-ci illər mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.

Xatırladaq ki, Emin Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib. 33 yaşlı futbolçu bu oyunlarda 62 qol vurub, 63 məhsuldar ötürmə müəllifi olub.

Karyerası ərzində “Saturn”, “Spartak” (Moskva), “Samara”, “Mordoviya”, “Boavişta”, “Tom” kimi klublarda da çıxış etmiş Emin 2016-cı ildən formasını geyindiyi Azərbaycan millisinin heyətində 57 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 15 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: