Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov ötən gecə Fransa yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə keçirilmiş Fransa – Azərbaycan matçı millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Emin Mahmudov matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Çox keyfiyyətli komandaya qarşı oynadıq. Bizim üçün çox çətin olacağını bilirdik. Fransa möhtəşəm komandadır. Müdafiədə sıx oynamağa, rəqibin rahat oynamasına imkan verməməyə çalışdıq. Bu, birinci hissədə yaxşı alınırdı. Yenə də keyfiyyət baxımından onlara uduzurduq. Kilian Mbappe bizi çox rahat keçirdi. Əks-hücumlara çıxmağa çalışırdıq, amma alınmırdı. Ən böyük problemimiz o idi ki, əks-hücuma çıxa bilmirdik. Çünki onlar bizi qarşılayıb dərhal topu alırdılar. Yenə də vuruşduq.
Matçdan öncə böyük hesablı məğlubiyyət haqda yox, bu rəqibə qarşı necə oynaya biləcəyimizi düşünürdük. Ayxan Abbasov bizə çox güvənirdi. Biz də onun istədiklərini yerinə yetirməyə çalışırdıq. Bəzən yaxşı alınırdı, bəzən alınmırdı. Əsas da bəzi mübarizələrdə, hücumda çox top itirirdik. Yenə də, bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Çünki hamı vuruşdu, hamı çalışdı, maksimum əlindən gələni etdi”.
Emin Mahmudov qarşıdakı Ukrayna ilə səfər oyunu öncəsi komandamızın çox güc itirməsinə dair sualı da cavablandırıb:
“Artıq həmin oyuna hazırlaşacağıq. Qısa zamanda bərpa olunmalıyıq. Ukrayna da çox güclü rəqibdir. Çalışacağıq ki, oyuna yaxşı hazırlaşaq”.
Emin Mahmudov millinin yeni baş məşqçisi Ayxan Abbasovdan da söhbət açıb:
“O, bizi yaxşı tanıyır. Çalışır ki, birlik yaransın, bir ailə kimi olaq, daha yaxşı olaq. Məncə, ilk oyunlarda onda yaxşı alındı. İndi isə çalışacağıq ki, davam edək. Çünki digər rəqiblər də çox güclüdür”.


