Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Emre Can Almaniya milli komandasında 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sorğuda iştirak etmiş azarkeşlərin 64,6 faizi Cana səs verib. Səsvermədə 2-ci yeri Dortmund “Borussiya”sının digər üzvü – hücumçu Niklas Fullkruq (11,7 faiz), 3-cü yeri isə millinin 2022-ci ilin ən yaxşı oyunçusu kimi tanınan “Bayern”in yarımmüdafiəçisi Camal Musiala (9,4 faiz) tutub.
Xatırladaq ki, 2023-cü ildə Emre Almaniya millisində 6 oyun keçirib. O, bu oyunlarda heç bir məhsuldarlıq nümayiş etdirməsə də, ilin ən yaxşısı olmağı bacarıb.
Emre Can Almaniya milli komandasında 2015-ci ilin sentyabr ayında debüt edib. O, yığmada indiyə qədər 43 oyun keçirib və 1 qola imza atıb.
30 yaşlı türkəsilli futbolçu 2020-ci ilin əvvəlindən Dortmund “Borussiya”sında forma geyinir. O, Dortmund təmsilçisində bütövlükdə 140 oyuna çıxıb, 13 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Emre karyerası ərzində “Liverpul” (167 oyun, 14 qol, 12 assist), “Yuventus” (45 oyun, 4 qol, 1 assist), “Bayer” (39 oyun, 4 qol, 5 assist) və “Bayern” (7 oyun, 1 qol) kimi klubların da formasını geyinib.


