Endrik “Real”ın Çempionlar Liqasında ən gənc qolçusu oldu

Çempionlar Liqasının ümumi mərhələsinin “Ştutqart”la 1-ci tur ev oyunu “Real”ın braziliyalı mərkəz hücumçusu Endrik üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Real”ın 3:1 hesablı qələbə qazandığı oyunda, Endrik komandasının qələbəsinə vurduğu qolla töhfəsini verib.

Braziliyalı hücumçu 18 yaş 58 günlüyündə fərqlənib.

Əvvəli rekord isə “Real”ı ispan keçmiş hücumçusu Raul Qonsalesə məxdud idi. Raul Çempionlar Liqasında 1995-ci ilin oktyabrında 18 yaş 113 günlüyündə “Ferentsvaroş”la oyunda (6:1) üç qol vuraraq, “het-trik”lə fərqlənmişdi.

Vurğulayaq ki, Endrik həm də “Real”ın heyətində qol vurmağı bacarmış ən gənc əcnnəbi futbolçu ünvanına da sahibdir. Braziliyalı hücumçu La Liqanın cari mövsümünün “Valyadolid”lə 2-ci tur oyununda (3:0) bu uğura imza atmışdı.

Böyük futbolda 4-cü mövsümünü keçirən 18 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki bu ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan heyətinə qatıb. Hələ qışda klublar arasında şifahi transfer razılaşdırılmışdı. Amma futbolçunun 18 yaşı tamam olmadığı üçün müvafiq keçid rəsmən gerçəkləşməmişdi. Artıq rəsmən “Real”a qoşulmuş Endrikin İspaniya nəhəngi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik “Palmeyras”ın heyətində ümumilikdə 82 oyun keçirib, 21 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı futbolçu “Real”ın heyətində elə, debüt oyununda meydana ehtiyat oyunçular skamyasından daxil olaraq 4 dəqiqə ərzində ilk qoluna imza atıb. O, Madrid klubunda 5 oyuna 2 qol vurub.

Yeniyetmə futbolçu 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.

Endirk həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 11 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: