İngiltərənin “Brayton” klubunun hücumameyilli yarımmüdafiəçisi Endryu Moran bundan sonra “Los Anceles”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə ABŞ klubunun rəsmi saytına istinadən xəbər verir.
İrlandiyadan olan 21 yaşlı futbolçu MLS təmsilçisinə icarə müqaviləsi əsasında qoşulub. Müqavilə 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulub.
Endryu Moran İrlandiyanın “Brey Uonderers” klubunun yetirməsidir. “Brayton” onu 2021-ci ildə heyətinə qatıb. Moran İngiltərə klubunun əsas komandasında cəmi 3 oyuna çıxıb.
İrlandiyalı futbolçu əvvəlki mövsümlərdə “Stok Siti” və “Bləkbörn Rovers” klublarında da icarədə olub.
İrlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçi 2023-cü ildə əsas millidə debüt edib. O, İrlandiya millisinin heyətində keçirdiyi 3 oyunda fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.



