İtaliyanın “Roma” klubunun mərkəz yarımmüdafiəçisi Entso Le Fe A Seriyası təmsilçisini birdəfəlik “Sanderlend”ə dəyişib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi fransalı futbolçunu bu ilin yanvarında 2024/2025-ci illər mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü. Mövsümün sonunda “Sanderlend” 23 milyon avro ödəməklə Le Fenin “Roma”dan birdəfəlik transferini rəsmiləşdirib.
Xatırladaq ki, “canavarlar” Entsonu 2024-cü ilin iyul ayında Fransanın “Renn” klubundan 23 milyon avro qarşılığında heyətə cəlb etmişdilər. Fransalı yarımmüdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə imzalanmışdı. Amma o, İtaliya klubunun heyətində möhkəmlənə bilməyib. Belə ki, yarımmüdafiəçi “canavarlar”ın formasında cəmi 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Le Fe “Sanderlend”də keçirdiyi 18 oyunda isə 1 qol və 3 assist müəllifi olub.
Entso Le Fe Fransanın “Loryan” klubunun yetirməsidir. O, ölkəsində “Renn”in də uğurları üçün çalışıb. Entso “Renn”in heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi edib. Onun “Loryan” karyerası isə 142 oyun, 8 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
Le Fe Fransanın U-20, U-21, U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


