“Çelsi”nin baş məşqçisi Entso Mareska etiraf edib ki, “zadəganlar”ın geniş heyəti olmasına rəğmən, o, cəmi 21 futbolçu ilə işləyir.
Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən 42 oyunçu ilə deyil, yalnız 21-i ilə işləyirəm. Qalan 15-20 oyunçu ayrıca məşq edir, onları heç görmürəm. Mənzərə kənardan göründüyü qədər qarışıq deyil, qətiyyən belə deyil. Oyunçuların lap 20 illik müqaviləsi ola bilər, bu, mənim mövzum deyil və məni maraqlandırmır”, deyə Mareska vurğulayıb.
Xatırladaq ki, bu qədər geniş heyətin yaranmasına yol açmış “Çelsi”nin transfer siyasəti futbol icitmaiyyəti tərəfindən tənqidlə qarşılanır.
Entso Mareska cari ilin iyulundan “Çelsi”nin sükanı arxasındadır. İtalyan mütəxəssisin “zadəganlar”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Mareskanın rəhbərliyi altında London klubu cəmi bir rəsmi matç keçirib. Premyer Liqanın yeni mövsümünün 1-ci turunda baş tutan “Mançester Siti” ilə oyun “Çelsi”nin məğlubiyyəti ilə yekunlaşıb – 0:2.


