“Eqnatiya” Zamiq Əliyevin yoxluğunda evdə xal itirdi

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 7-ci turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 0:0.

Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Eqnatiya” 7 turdan sonra 14 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 7 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Yarış cədvəlinə 16 xala malik olan “Vlajniya” rəhbərlik edir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 49 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: